Azərbaycan Teqball Federasiyası Milli Olimpiya Komitəsinin dəstəyi ilə 26 iyun Silahlı Qüvvələr Gününə həsr edilən turnir keçirib.
6 komandanın - ASK, "Sabah", "Gənclərbirliyi", "Meqa", "Fənər" və "Mübariz"in iştirak etdiyi yarış, 2 qrupda dairəvi sistem üzrə baş tutub. Püşkatma mərasimindən sonra start verilən teqball turnirində "Fənər", "Gənclərbirliyi" və "Sabah"ın çıxış etdiyi qrupda müvafiq olaraq "Fənər" və "Sabah" növbəti mərhələyə vəsiqəni təmin edib. Hər iki matçında məğlub olan sonuncular isə yarışla erkən vidalaşıblar. Digər qrupda "Mübariz" hər iki rəqibinə uduzub. "Meqa" və ASK ilk 2 pilləni tutaraq plef-off mərhələsinə yüksəlib.
"Marafon" İdman Kompleksində təşkil edilən turnirdə üçüncülük uğrunda "Sabah" və ASK qarşılaşıb. Nihad Ağazadə və Ayxan Cəfərzadədən ibarət birincilər rəqiblərini hər iki setdə məğlub edərək, üçüncülüyü əldə ediblər.
Turnirin final qarşılaşmasında "Meqa" və "Fənər" üz-üzə gəlib. Maraqlı idman mübarizəsində səhnə olan həlledici görüşdə "Meqa" Danil Bekineyev və Məzahim Səfərov duetini məğlub edərək turnirin qalibi adını qazanıb. Əhməd İbrahimovun rəhbərliyi altında Murad Ələkbərli və Emil Mehdizadə rəqiblərindən daha yaxşı oyun nümayiş etdirərərək, çempion olublar. Qaliblərə kuboklarını Azərbaycan Teqball Federasiyasının prezidenti Vüsal Xəlilov təqdim edib. Federasiya prezidenti iştiraka görə hər bir idmançıya ayrıca təşəkkür edərək, teqbalın ölkəmizdə böyük populyarlıq qazanacağını və gənclərin bu idman növünü sevəcəyini bildirib.
Qeyd edək ki, turnirdə iştirak edən hər bir idmançıya sertifikatlar təqdim edilib, yarımfinala çıxan komandaların üzvlərinə isə pul mükafatları verilib.